Değerli Türk Basını
Yurtdışında yaşan pek çok Azerbaycanlı Türk sivil toplum kuruluşları tek çatı arlında birleşerek Demokratik Azerbaycan Hareketi (DAH) adıyla yeni bir teşkilatlanmanın içine girdiler. Azerbaycan Türklerinin bu haklı davasına yer vermenizi dileriz.
DAH BÜROSU:
DEMOKRATİK AZERBAYCAN HAREKETİ YURTDIŞINDA KURULDU
Xaricdə yaşayan azərbaycanlılar - siyasi mühacirlər, politoloqlar, bloqqerlər, gənc aktivistlər, jurnalistlər, hərbçilər yeni hərəkat yaratdılar.
Xarici ölkələrdə yaşamaqlarına baxmayaraq, Azərbaycanda baş verən proseslərlə bağlı narahatlıqlarını daimi bu və ya digər formada ifadə edən 100-dən çox həmvətənimiz birgə fəaliyyət göstərməyə qərar veriblər. Aparılan müzakirələrin və keçirilən görüşlərin nəticəsi olaraq belə qərara gəlinib ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı demokratlar Demokratik Azərbaycan Hərəkatı adlı qurum təsis etsinlər. Qurum təsisindən sonra isə hərəkatın Əlaqələndirmə Şurası yaradılıb, bəyannamə imzalanıb.
Bu barədə redaksiyamıza məlumat verən Əlaqələndirmə Şurasının üzvü, mühacir jurnalist Fikrət Hüseynli bildirdi ki, hərəkatda Azərbaycanda və dünyada kifayət qədər tanınmış şəxslər, diaspora qurumları təmsil olunurlar. Belə ki, quruma Amerika Birləşmiş Ştatlarından politoloq Ramis Yunus, gənc aktivist Səid Nuri, Norveçdən polkovnik İsa Sadıqov, Xəlil Əlvani, jurnalist Kamilla Ali daxildirlər. Digər Skandinaviya ölkəsi olan İsveçdən Sərdar Ağayevin rəhbərlik etdiyi Demokratiyaya Yardım İctimai Birliyi və qurumun üzvləri, siyasi mühacirlər Mübariz Əzimli, Rahib Kazımlı, Rahib Cabbarov qatılmışlar. Hərəkatın Pribaltika respublikaları üzrə təmsilçisi və ofis rəhbəri Riqada yerləşən Qazeta Analitik İnformasiya Mərkəzinin rəhbəri Vügar Rəşidovdur.
Bundan əlavə quruma Riqadan gənc litvalı aktivist Abdulla Berezins də qoşulub. Yeni yaranan hərəkatda Almaniyanı İlham Həsənin rəhbərlik etdiyi Frankfurt Azərbaycan və Yusif Abulovun sədri olduğu Mainz Azərbaycanlılar cəmiyyətləri təmsil edəcək. DAH-ın Belçika Krallığıdakı ofisinə satirik şair Mirzə Sakit rəhbər seçilib. Belçika ofisində eyni zamanda Elvir Aliyev, Cahandar Zahidli kimi gənclər də fəaliyyət göstərəcəklər. Hərəkatın Fransada təmsilçisi isə siyasi mühacir, bloqqer və aktivst Elnur Məcidlidir. Qurumun Əlaqələndirmə Şurasına İsveçrədən təmsilçisi siyasi mühacir Hacı Hacılı seçilib. Hollandiyadan isə quruma Azad Seçki Blokunun üzvləri, siyasi mühacirlər Eldəniz Yusibov, Rəşad Sadıqov, Əli Hacılı, Əsəd Qasımov, Cavid Əliyev, Kamal Qasımov, Həsən Əbdürrəhmənov, Samit Məmmədli, Əli İbrahimzadə, Qarabağ qazisi Rauf Hüseynov, hüquqşünas Ataxan Əbilov və digərləri qoşulub. Hərəkatın Əlaqələndirmə Şurasında Nederland Krallığını Fikrət Hüseynli, İsa Yusibov və Sabir Budaqov təmsil edəcəklər. Eyni zamanda Şərqi Avropa ölkələrində, Türkiyədə, Kanadada, Latın Amerikası ölkələrində hərəkatın təmsilçiliyi qurulmaqdadır.
Bununla bağlı bizə məlumat verən Fikrət Hüseynli qeyd etdi ki, təkcə Amerika və Avropa ölkələri ilə yox, Afrika ölkələrilə də əlaqələr yaradılıb. Artıq qurumu Birləşmiş Ərəb Əmirliklərində təmsil edəcək şəxslər də vardır. Qurumun BƏƏ-dəki təmsilçiliyinə İntiqam Əhmədov rəhbərlik edəcək. “Demokratik Azərbaycan Hərəkatına kifayət qədər nüfuzlu şəxslər dəstək verirlər. Onların bir çoxunun adlarını qeyd etməsək də, xüsusi vurğulayaq ki, hazırda İsveçdə mühacirət həyatı yaşayan Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şahin Tağıyev də hərəkata dəstək verən önəmli simalardandır. Eyni zamanda demokrat azərbaycanlıların bir qurumda birləşməsinə ABŞ və Qərbdəki mütərəqqi qüvvələr, diplomatlar və siyasi partiyalar da dəstək verirlər”, - deyə Fikrət Hüseynli bildirdi.
Hərəkatın yaranmasıyla bağlı qəbul edilən bəyanatda isə qeyd olunur ki, DAH Azərbaycanda baş verən özbaşınalıqları beynəlxalq qurumlara çatdırmaq, sivil mübarizə üsullarından istifadə edərək dünya ictimaiyyətinin diqqətini Azərbaycanda baş verən qanunsuzluqlara, zorakılıqlara, insanların əqidəsinə görə təqib və təzyiqlərə məruz qalmasına, söz azadlığı problemlərinə yönəltmək, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların aktiv fəaliyyətinə nail olmaqdır. Qurum heç bir siyasi partiyanı dəstəkləməyərək yalnız Azərbaycan xalqına respublikada demokratik hakimiyyətin qurulması işində dəstək verməyi qarşısına məqsəd qoymuşdur.